İQTİSADİYYAT

Azərbaycanda elektrik enerjisinin istehsalı niyə azalıb?

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycan 40,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib.
Sputnik
BAKI, 17 may — Sputnik. Azərbaycanda elektrik enerjisinin istehsalı və ixracında azalma qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycan 40,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 dəfə azalma deməkdir. Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin birinci rübündə respublikada elektrik enerjisinin istehsalı illik müqayisədə 8 faiz azalaraq 7,1 milyard kilovat-saat olub.
Bəs, azalmanın səbəbi nədir?
Məsələni şərh edən enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a bildirib ki, digər enerji daşıyıcılarından fərqli olaraq elektrik enerjisini saxlamaq mümkün deyil: "Elektrik enerjisi nə qədər istehsal edilibsə, o qədər də satılmalıdır. Əgər elektrik enerjisinin alıcısı azalırsa, onun istehsalı da azalır. Təbii qaz da buna bənzərdir, amma müəyyən həcmdə qaz saxlamaq üçün yeraltı anbarlar inşa etmək olur. Ancaq faktiki olaraq elektrik enerjisini saxlamaq üçün bu imkan yoxdur".
Operativ göstəricilər
"Elektrik enerjisinə tələbat azalıb"
Ekspert bildirib ki, həm daxili həm də xarici bazarda elektrik enerjisinin alışında azalma müşahidə olunur: "Rusiyada, Gürcüstanda və Türkiyədə elektrik enerjisinin istehlakı azalıb. Havaların mülayim keçməsi nəticəsində həm Azərbaycanda həm də qonşu ölkələrdə elektrik enerjisinə tələbat azalıb və buna uyğun da istehsal həyata keçirilib".
"Əgər növbəti aylarda ölkədə havalar isti keçsə, elektrik enerjisinə tələbat artacaq. Elektrik enerjisinin istehsalı birbaşa iqlim amillərinə bağlıdır" - ekspert əlavə edib.
Hansı ölkələrə elektrik enerjisi ixrac edirik?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisi ixrac edilib.
İstehsalın bölgüsü
Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, keçən il ölkədə elektrik enerjisinin istehsalı illik müqayisədə 272,3 milyon kilovat-saat, yəni 0,9 faiz artaraq 29,2 milyard kilovat-saat olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycandan 402,5 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur.
Energetika Nazirliyinin məlumatına görə, enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
"Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir"
Onu da əlavə edək ki, bu ilin may ayında Prezident İlham Əliyev Laçın rayonunda "AzərEnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik Stansiyalarının açılışlarında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilmiş və icrası gözlənilən yaşıl enerji layihələri ümumilikdə 1100 meqavat (MVt) təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq yaşıl enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin tam olaraq yaşıl enerji ilə təmin ediləcəyi deməkdir.