BAKI, 16 may — Sputnik. Qazaxıstan Parlamenti Senatının deputatları palatanın mayın 16-da keçirilən plenar iclasında Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında Müqaviləyə dəyişiklikləri ratifikasiya ediblər. Bu, ittifaqa üzv dövlətlərin sənaye sahələrində birgə kooperativ layihələrin həyata keçirilməsində maliyyə yardımı göstərməyə imkan verəcək.
Qazaxıstanın "Zakon" nəşrinin məlumatına görə, protokolun ratifikasiyası Aİİ üzv dövlətlərinin sənaye sektorlarında birgə əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün hüquqi baza yaradacaq.
"Protokol siyahısı Hökumətlərarası Şura tərəfindən müəyyən edilən sənaye sahələrində birgə kooperasiya layihələrinin həyata keçirilməsinin dəstəklənməsi baxımından dəyişiklik və əlavələrin edilməsini nəzərdə tutur. Maliyyələşdirmə mənbəyi birliyin büdcəsinin təsdiqləndiyi ildən əvvəlki maliyyə ilində Aİİ-yə üzv dövlətlərin büdcələrinə xüsusi, antidempinq və kompensasiya rüsumlarının ümumi məbləğinin 10% -i olacaq" - Senatın deputatı Şəkərim Buktuqutov bildirib.
Sənaye kooperasiyası haqqında Protokol həm də ittifaq büdcəsində nəzərdə tutulmuş vəsaitin həcmini tənzimləyən qaydalarla - sənaye sahələrində birgə əməkdaşlıq layihələrinin üzv dövlətlər tərəfindən həyata keçirilməsində faiz nisbətinin həcmi və maliyyə yardımının göstərilməsi forması ilə tamamlanır;
Protokola əsasən, üzv dövlətlər tərəfindən sənaye sahələrində birgə əməkdaşlıq layihələrinin seçilməsi və həyata keçirilməsi, habelə ittifaq büdcəsindən maliyyə yardımının göstərilməsi qaydası Hökumətlərarası Şuranın təsdiq etdiyi əsasnaməyə uyğun olaraq müəyyən edilir.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.