BAKI, 16 may — Sputnik. Rusiya və Çin ayrı-ayrı ölkələrin kosmosdan hərbi məqsədlər üçün istifadə etməsinə qarşıdırlar.
Bu barədə Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair birgə bəyanatının mətnində deyilir.
Tərəflər kosmosda silah yerləşdirilməsinin qarşısını alacaq sazişin yaradılması üzrə danışıqlara tez bir zamanda başlamağın vacibliyini vurğulayıblar.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiya Federasiyası kosmosda istənilən silahın yerləşdirilməsini qadağan etmək istəyir.
Mayın əvvəlində ABŞ müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plumb demişdi ki, guya Çin Xalq Respublikası və Rusiya Federasiyası peyk əleyhinə silahlar hazırlayır və yerləşdirirlər.