Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çində iki günlük dövlət səfərindədir.
O, artıq cümə axşamı ÇXR sədri Si Cinpinlə cəmi 2,5 saat davam edən danışıqlar aparıb.
Əvvəlcə iki ölkə liderləri arasında dar tərkibdə danışıqlar aparılıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam etdirilib.
Putin geniş tərkibdə görüşü zamanı bildirib ki, son beş ildə Moskva ilə Pekin arasında münasibətlərin inkişafına mane olmağa yönəlmiş üçüncü ölkələrin hərəkətlərinə baxmayaraq, Rusiya-Çin ticarət dövriyyəsi yaxşı templə artıb.
"Müxtəlif sahələr üzrə 80 iri birgə investisiya layihəsindən ibarət əhəmiyyətli portfel formalaşdırılıb" - Putin bildirib.
Onun sözlərinə görə, ikitərəfli ödənişlərin milli valyutalara köçürülməsi ilə bağlı birgə qərar ticarət əlaqələrinin genişlənməsinə güclü təkan verib. Rusiya lideri qeyd edib ki, bu gün bütün ödənişlərin 90%-i rubl və yuanla həyata keçirilir.
Pekindəki danışıqların nəticələrinə görə, iki ölkənin liderləri hərtərəfli tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi barədə birgə bəyanat qəbul ediblər. Sənəd Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunub. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, sənəddə ikitərəfli münasibətlərin xüsusi xarakteri qeyd olunub, bütün əlaqələr kompleksinin gələcək inkişaf yolları göstərilib, ədalətli və demokratik dünya nizamının formalaşmasında Rusiya Federasiyası və ÇXR-in aparıcı rolu qeyd edilib.