BAKI, 16 may - Sputnik. Moskva və Pekin arasında kifayət qədər praktiki əməkdaşlıq bazası toplanıb. Bunu Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə məhdud tərkibdə keçirdiyi görüşdə bildirib.
“Moskva və Pekin həqiqətən də əhəmiyyətli həcmdə praktiki əməkdaşlıq toplayıb”, - prezident deyib.
O xatırladıb ki, 2023-cü ildə ikitərəfli ticarət dövriyyəsi təxminən dörddə bir artaraq 227 milyard dollarlıq yaxşı səviyyəyə çatıb.
Prezident vurğulayıb ki, Çin Rusiyanın ticarət-iqtisadi sahədə əsas tərəfdaşıdır.
“Ötən ilin yekunlarına görə, Rusiya ÇXR-in ticarət tərəfdaşı olan ölkələr siyahısında dördüncü yeri tutub. Sizin 2023-cü ilin martında Moskvaya səfərinizdən sonra Rusiya-Çin İqtisadi Əməkdaşlığının 2030-cu ilədək Əsas Sahələrinin İnkişaf Planının təsdiqlənməsi bunda birbaşa rol oynayıb”, - Putin bildirib.
Rusiya lideri enerji, sənaye və kənd təsərrüfatını prioritetlər kimi müəyyənləşdirib. “Biz artıq yolda bu barədə danışmağa başlamışıq”, - deyə Putin aydınlıq gətirib.
Prezident ayrıca yüksək texnologiyalar, innovasiyalar, infrastruktur tikintisi və nəqliyyat sahəsində əməkdaşlığı qeyd edib.
“Humanitar əlaqələr genişlənir. Müqaviləmizə uyğun olaraq, 2024-2025-ci illərdə Rusiya və Çin arasında çarpaz qarşılıqlı Mədəniyyət İlləri keçirəcəyik”, - deyə Rusiya lideri bildirib.
Danışıqların əvvəlində Si Cinpini salamlayan Putin qeyd edib ki, altı aydan sonra dostları arasında qonaqpərvər Çinə qayıtmaqdan ürəkdən şaddır.
“Yenidən Rusiya Federasiyasının Prezidenti seçilməyim münasibətilə təbrik məktubunuza görə təşəkkür edirəm və dəvətə görə çox sağ olun”, - Putin Çin Xalq Respublikasının sədrinə bildirib.
Rusiya prezidenti Vladimir Putin yenidən seçildikdən sonra ilk xarici səfərini Çinə edib. Dövlət səfəri iki gün davam edəcək və iki mərhələdə baş tutacaq: Mayın 16-da Putin Pekində olacaq, mayın 17-də isə Heylunzian əyalətinin inzibati mərkəzi olan Harbinə baş çəkəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.