BAKI, 16 may — Sputnik. Ermənistanın KTMT-ni maliyyələşdirməsini dayandırmasında faciəli nəsə yoxdur. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib. O qeyd edib ki, İrəvan təşkilatdan çıxmayıb.
"Əslində, maliyyələşdirmənin dayandırılması faciə deyil. Ermənistan təşkilatda fəaliyyətini davam etdirir, KTMT-dən çıxmır", Pankin "Rusiya - İslam Dünyası: KazanForum" beynəlxalq iqtisadi forumunda jurnalistlərə bildirib.
Pankin onu da qeyd edib ki, KTMT artıq ölkələrin öz yardımlarını gecikdirdiyi və ya hissə-hissə ödədiyi vəziyyətlərlə qarşılaşıb. Bu, ciddi problemlərə gətirib çıxarmayıb. O vurğulayıb ki, Ermənistanın KTMT ilə bağlı gələcək kursu həm milli maraqları, həm də öz təhlükəsizliyini təmin etmək imkanları ilə müəyyən ediləcək.
Xatırladaq ki, Ermənistan XİN-in mətbuat xidməti bildirmişdi ki, bu ölkə KTMT-nin 2024-cü il büdcəsi haqqında qərara qoşulmaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcək".
Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.