BAKI, 15 may — Sputnik. Hakimiyyətə və xalqa qarşı fəaliyyət göstərən təşkilatlar, o cümlədən terrorçulara kömək edənləri müəyyən edib, məsuliyyətə cəlb edəcəyik. Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
Türkiyədə Ankara Təhlükəsizlik Müdirliyində olan polislər cinayət təşkilatı ilə əlaqədə ittiham olunaraq işdən çıxarılıb və saxlanılıblar. Onların evlərində axtarış aparılıb. Ankara Baş Prokurorluğu mümkün sui-qəsdi ehtimallarını araşdırır.
Gecə saatlarında prezident Rəcəb Tayyip Ərdoğan hüquq-mühafizə orqanları arasında mümkün dövlət çevrilişinə cəhd xəbərdarlığından sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili iclas keçirib. Ərdoğanın bu gün hakim partiyanın parlamentdəki toplantısında mövzu ilə bağlı çıxış edəcəyi gözlənilir. Ərdoğanın müttəfiqi Dövlət Baxçalı vəziyyətin hökumətə qarşı sui-qəsd ola biləcəyini deyib və 2016-cı ildə Türkiyədə çevriliş cəhdinin təkrarlanması ehtimalı barədə xəbərdarlıq edib.
"Terror qrupları və onların qolu olan mütəşəkkil cinayətkar qrupların dəstəyi ilə FETÖ təşkilatının taktikasından istifadə edərək, sosial şəbəkələrin dəstəyi ilə prezidentə, hökumətə və siyasətçilərimizə qarşı tələ qurmağa çalışanların oyunlarını, tələlərini yerlə yeksan edəcəyik", – nazir X sosial şəbəkəsində yazıb.
"Əgər hər hansı bir qurumda prezidentə, hökumətə və siyasətçilərə qarşı yönəlmiş bir fəaliyyət varsa, o zaman biz sona qədər gedəcəyik, bu quruluşu müəyyən edəcəyik və məhkəmə önünə çıxaracağıq", - Yerlikaya bildirib.
Yerlikaya paylaşımında "çevriliş" sözünü istifadə etməyib.
Türkiyə hakimiyyəti FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırdıqları ABŞ-da yerləşən Fətullah Gülənin təşkilatını 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdində iştirakda ittiham edir. Türkiyədə qiyamdan sonra 80 mindən çox insan həbs edilib, 150 minə yaxın dövlət qulluqçusu, o cümlədən hərbi qulluqçular işdən çıxarılıb və ya işdən qovulub. Gülən özü isə çevriliş cəhdini pisləyib və ittihamları rədd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.