AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sülhməramlılar sülh və sabitliyin təmin olunması üçün səyini əsirgəməyib - Kərim Vəliyev

Kərim Vəliyev sülhməramlılara Qarabağ iqtisadi rayonunda sülhün və sabitliyin rifahı naminə cəsarətli xidmətlərinə görə minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sputnik
BAKI, 15 may — Sputnik. "Bu gün, bu əlamətdar gündə xatırlatmaq istərdim ki, 3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı".
Bu barədə Azərbaycan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə bildirib.
Müdafiə naziri Zakir Həsənovun salamlarını çatdıran Kərim Vəliyev deyib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub:

"Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirib, Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib".

Baş qərargah rəisi qeyd edib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilib:
"Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı. Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi".
Kərim Vəliyev sülhməramlılara Qarabağ iqtisadi rayonunda sülhün və sabitliyin rifahı naminə cəsarətli xidmətlərinə görə minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir. Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.
Xatırladaq ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.