BAKI, 15 may — Sputnik. Rusiyanın Qərbdəki aktivlərini müsadirə etmək cəhdləri bunu etmək istəyən ölkələrin qanunvericiliyinə birbaşa ziddir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya aktivlərini müsadirə etmək cəhdləri bu cür tədbirlərə əl atmaq niyyətində olan dövlətlərin və birliklərin qanunvericiliyinə birbaşa ziddir" - Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Qərb heç vaxt nə beynəlxalq hüquqa, nə də öz qanunvericiliyinə əməl etmək niyyətində olmayıb.
Martın sonunda Avropa Komissiyası və Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Aİ ölkələrinə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi yardım üçün istifadə edilməsi təklifini təqdim edib. Xüsusilə, 2024-cü ildə Brüssel əldə etdiyi gəlirin 90%-ni Kiyevə silah tədarükünə xərcləməyi planlaşdırır. Avropa Komissiyası Rusiya pulu ilə Ukraynaya hərbi yardım üçün ilk əməliyyatları yay üçün planlaşdırıb.
Ukraynada xüsusi əməliyyat başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avroluq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub. Təxminən 200 milyard avro Aİ-də, əsasən dünyanın ən böyük hesablaşma və klirinq sistemlərindən biri olan Belçika Euroclear-ın hesablarındadır. Bu yaxınlara qədər Aİ Rusiya Federasiyasının dondurulmuş aktivlərindən yalnız Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə yollarını müzakirə edirdi.
Avropa Mərkəzi Bankı bunun uzunmüddətli perspektivdə Avropa valyutası üçün reputasiya riskləri yarada biləcəyi barədə xəbərdarlıq edib.
Kreml bəyan edib ki, bu cür qərarların qəbulu beynəlxalq hüququn bütün qayda və normalarını pozmaq üçün növbəti addımdır. Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandırıb və qeyd edib ki, Aİ təkcə fərdi şəxslərin vəsaitlərini deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəfləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiyanın Qərbdəki dondurulmuş aktivlərinin müsadirə ediləcəyi təqdirdə Rusiya cavab verəcək. Onun sözlərinə görə, Rusiya Federasiyasının Qərb dövlətlərinin Rusiyada saxladığı və Rusiyanın dövlət ehtiyatlarının həbsinə cavab olaraq dondurulmuş vəsaitləri geri qaytarmamaq imkanı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.