BAKI, 15 may — Sputnik. Azərbaycanda təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Agentlik rəhbəri bildirib ki, müraciət edənlərin sayı isə 10 minə çatıb.
"Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər", - o deyib.
Qeyd edək ki, mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 8-dən isə müsahibə mərhələsinə başlanılacaq. Müsahibə mərhələsi mayın 30-dək davam edəcək.
Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, müsahibədə uğur qazana bilməyən uşaqlar azərbaycan bölməsinə keçib təhsil ala bilər. Əgər israrla rus bölməsində təhsil almaq istəyirlərsə, bu zaman appelyasiyaya müraciət edə bilər. Vətəndaş appelyasiyaya müraciət etdikdə onun müsahibə mərhələsi videoçəkilişə yenidən baxış keçirir:
"Yəni appelyasiya komissiyası yenidən müsahibə keçirmir. Sadəcə videoçəkilişə təkrar baxış keçirərək qərar verir".
T. Mahmudov lisey və gimnaziyalara rus dilində qəbulla bağlı suallara da cavab verib. O, bildirib ki, bu il lisey və gimnaziyalara müsabiqəyə yazılan vətəndaşlara digər məktəblərə sorğu yerləşdirmək imkanı da veriləcək. Müsahibədən keçməyən uşaqlar digər məktəblərdə təhsil ala biləcəklər. Bu bu il edilmiş yenilikdir.
Sektor müdiri tədris digər dillərdə aparılan məktəblərə qəbulla bağlı verilmiş suallara aydınlıq gətirib. Bildirib ki, əsas şərt uşağın tədris alacağı dildə fikrini sərbəst ifadə etməsidir. Əgər uşaq rus dilində fikrini sərbəst ifadə edə bilmirsə, o uşağın təhsilini digər dildə davam etdirməsi çətin olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.