İQTİSADİYYAT

Nazir müavini: "150 min hektarda müasir suvarma sistemlərinin tətbiqi planlaşdırılır"

Qeyd edilib ki, ənənəvi olaraq geniş yayılan selləmə suvarmadan fərqli olaraq müasir suvarma sistemləri məhsuldarlığı dəfələrlə artırmağa imkan verir.
Sputnik
BAKI, 15 may — Sputnik. "Azərbaycanın kənd təsərrüfatında su resurslarına qənaət edən innovativ texnologiyaların tətbiqi zəruridir". Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.
O vurğulayıb ki, kənd təsərrüfatı sahəsində tətbiq olunun uğurlu adaptasiya proqramlarından biri kimi Prezidentin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli Fərmanının icrası çərçivəsində əldə olunan yüksək məhsuldarlıq göstəriciləri dolayısı ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini, müasir suvarma sistemlərinin tətbiqinin təşviqində yeni bir alət rolunu oynayır. Proqramın gələcək hədəfi ölkədə 150 min hektarda müasir suvarma sistemlərinin tətbiq edilməsinə nail olmaqdır.
Sarvan Cəfərov, arxiv şəkli
Bildirilib ki, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülüb və görülür:

"Buraya "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Prezidentin 8 aprel 2024-cü il, "Qarabağ suvarma kanalının yenidən qurulması haqqında" Prezidentin 15 aprel 2024-cü il tarixli Sərəncamlarını aid etmək olar. Bu sərəncamlar ölkənin 16 rayonunun 227 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqəsinin məişət suyu ilə təmin edilməsinə, suvarma suyundan daha səmərəli və qənaətlə istifadə etməyə imkan verəcək".

Nazir müavini əlavə edib ki, bu gün ölkədə fermerlərə müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı dünyada alternativi olmayan dövlət dəstəyi göstərilir:
"Fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20%-ni avans şəklində ödəyir, 40%-i dövlət tərəfindən qarşılanır, digər qalıq məbləğin 5 il müddətində ödənilməsi üçün faizsiz kredit ala bilirlər. Bu gün Azərbaycanda suvarılan əkin sahələrinin 10%-ində müasir suvarma sistemləri qurulub. Ənənəvi olaraq geniş yayılan selləmə suvarmadan fərqli olaraq müasir suvarma sistemləri (pivot, damcılı və s.) məhsuldarlığı dəfələrlə artırmağa imkan verir".
O bildirib ki, keçən ildən bağçılıqda müasir suvarma sistemlərini tətbiq edən fermerlərə hər hektara daha çox subsidiyanın verilməsi və təşviqi istiqamətlərində işlər davam etməkdədir:

"Ölkənin mümkün olan hər yerində kiçik, orta və böyük sututarlarının yaradılması, suyun mənbədən sahəyə qədər nəqlinin mümkün qədər iqtisadi cəhətdən səmərəli olan qapalı sistemə keçidinin təmin olunması, fermerlərimizə sahəsi yanında təzyiqli suyun təmin edilməsi, sudan daha qənaətlə istifadəsini təmin etmək üçün fermerlərin əldə edəcəyi suyun dəqiq ölçülməsi və bu istiqamətdə mütəmadi maarifləndirilmənin təşkil edilməsi əsas hədəflərdəndir".

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri öz işinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.