İQTİSADİYYAT

Nazir: Azərbaycanda aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir

Məcnun Məmmədov qeyd edib ki, bu il keçirilən sərgidə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb.
Sputnik
BAKI, 15 may — Sputnik. "Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi, innovativ texnikalardan geniş istifadə dövlət səviyyəsində dəstəklənir, müasir həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir".
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.
O qeyd edib ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir, bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir, fermerlərin kənd təsərrüfatı alətlərinə əlçatanlığı təmin edilir, o cümlədən aqrar sığortanın tətbiq dairəsi genişləndirilir.

"Əminəm ki, fermerlərimiz sərginin yaratdığı bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından, müasir suvarma sistemləri, dəqiq kənd təsərrüfatı həlləri və düzgün aqrotexniki qulluq vasitələrindən geniş istifadə etməklə Azərbaycanda aqrar sahənin davamlı inkişafına öz töfhəsini vermiş olacaqlar" - nazir qeyd edib.

M.Məmmədov əlavə edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi yalnız texnika və texnologiyaların tətbiqi ilə deyil, həmçinin iqlim dəyişikliklərinin yan təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə mümkündür:
"Kənd Təsərrüfatı Nazirliyi olaraq iqlim dəyişkliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür. İnanıram ki, sərgi zamanı bu istiqamətdə təşkil olunacaq müzakirələr kənd təsərrüfatının dayanıqlı inkişafına zəmin yaradacaq".
Nazir qeyd edib ki, bu il keçirilən sərgidə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb.
Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri öz işinə başlayıb.
"Caspian Agro" sərgisi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayıb. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə və şirkətləri yer alıb.
Üç gün davam edəcək "Caspian Agro"nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.
"Caspian Agro" ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi "InterFood Azerbaijan" təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.