TƏHSİL

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Müsabiqədə iştirak üçün namizədlər "Digital Login" əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Sputnik
BAKI, 15 may — Sputnik. 15 may saat 11:00-dan 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqə üzrə qeydiyyat prosesi 22 may saat 11:00-dək davam edəcək.
Müsabiqədə iştirak üçün namizədlər "Digital Login" əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər iştirak edə bilərmi?
Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.