BAKI, 15 may — Sputnik. İyunun 21-22-də və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, sertifikasiya ilə bağlı məlumatlar müəllimlərin şəxsi səhifələrinə göndərilib.
"Müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər. İyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılma prosesi də keçiriləcək", - direktor bildirib.
Xatırladaq ki, ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 min 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.
Cari ildə isə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.