SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşüb - FOTO

Söhbət zamanı parlamentlərin qarşılıqlı fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsində vacib rolu diqqətə çatdırılıb. Bu sahədə müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Sputnik
BAKI, 15 may — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısına çatdırıb.
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Prezident Tarman Şanmuqaratnam bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq, Azərbaycanla Sinqapur arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyi vurğulanıb.
Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb, ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildirilib.
Söhbət zamanı parlamentlərin qarşılıqlı fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsində vacib rolu diqqətə çatdırılıb. Bu sahədə müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin əhəmiyyəti qeyd edilib. Spiker bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğunu diqqətə çatdıraraq, səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib və bu görüşlərin, aparılan müzakirələrin münasibətlərimizin inkişafına müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Görüşdə parlamentlərarası əlaqələr çərçivəsində beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, həm də ASEAN Parlamentlərarası Assambleyasının əməkdaşlıq baxımından yaxşı platformalar olduğu vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh danışıqları barədə də məlumat verib.
Söhbət zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb. Sinqapur Prezidenti ölkəsinin bu tədbirdə güclü şəkildə təmsil olunacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Seah Kian Penq bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkələrimiz və qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.
Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılaraq, ötən illər ərzində Azərbaycan və Sinqapur arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, coğrafi məsafəyə baxmayaraq, ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək çoxlu əməkdaşlıq imkanları mövcuddur.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulamama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verərək, Şəbəkənin parlamentlərimizin əməkdaşlığı baxımından mühüm bir platforma ola biləcəyini söyləyib. Spiker, həmçinin Azərbaycan Milli Məclisinin 2022-ci ildə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu aldığını, bu təşkilatın da əməkdaşlıq baxımından daha bir imkan olduğunu deyib.
Bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğu diqqətə çatdırılaraq, iki ölkə arasında səfərlərin və fikir mübadilələrinin davam etdirilməsinin vacib olduğu bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.