NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR Qara dənizində Bolqarıstan üçün qaz axtarmaq istəyir

Sofiya Bolqarıstanın qaz nəqli şəbəkəsi sayəsində böyük həcmdə Azərbaycan qazının Mərkəzi və Şərqi Avropa bazarlarına çatacağını gözləyir.
Sputnik
BAKI, 14 may — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında yerləşən "Xan Tervel" yatağında qaz kəşfiyyatında iştirak etməkdə maraqlıdır.
Bolqarıstan mətbuatı xəbər verir ki, bu məsələ Prezident Rumen Radevin Azərbaycana son səfəri zamanı müzakirə olunub.
"Gələn həftə biz Xan Tervel bloklarından biri üçün konsessiya proseduruna başlamağı planlaşdırırıq" - Bolqarıstanın energetika naziri Vladimir Malinov "Zashtoto" qəzetinə istinadən bildirib.
Onun sözlərinə görə, bütün Qara dənizdə aparılan geoloji tədqiqatlar və 3D seysmik kəşfiyyat işləri təkcə ehtiyatlar baxımından deyil, həm də karbohidrogen hasilatı imkanları baxımından kifayət qədər yüksək potensialın olduğunu göstərir.
Malinov, həmçinin ümid etdiyini bildirib ki, Bolqarıstanın qaz nəqli şəbəkəsi sayəsində böyük həcmdə Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa bazarlarına çatacaq və Azərbaycandan Bolqarıstana "mavi yanacağın" tədarükü artacaq.
Qeyd edək ki, SOCAR Azərbaycandan kənarda kəşfiyyat işlərini aktivləşdirməyi planlaşdırır. Belə ki, əvvəllər məlum olub ki, SOCAR BP ilə birlikdə İsrailin ən böyük karbohidrogen yatağı olan "Leviafan"ın şimal hissəsində qaz kəşfiyyatı üçün lisenziya alıb.