RUSİYA

Lavrov dünyada Rusiya və Çinin müttəfiqlərinin sayının artdığını bildirib

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri iki ölkənin birgə işini gücləndirəcək.
Sputnik
BAKI, 14 may — Sputnik. Rusiya və Çinin dünyada müttəfiqləri çoxdur və onların sayı artacaq.
Bu barədə "TASS" Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun açıqlamasına istinadən xəbər verib.
Nazirin sözlərinə görə, Moskva və Pekin demokratik dünya nizamının qurulmasında lider olmaqda maraqlıdır.
Diplomat həmçinin bildirib ki, Rusiya və Çin dünya məsələlərində tarazlaşdırıcı rol oynayır. Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri iki ölkənin birgə işini gücləndirəcək.
Xatırladaq ki, Si Cinpinin dəvəti ilə Putinin mayın 16 və 17-də Çinə səfər edəcəyi gözlənilir. Reallaşacaq səfər çərçivəsində Kreml rəhbəri Çin prezidenti ilə danışıqlar aparacaq.
Onun həmçinin paytaxtla yanaşı, Harbin şəhərinə də gedəcəyi, səfərin yekunlarına dair bir sıra sənədlərin imzalanacağı da nəzərdə tutulur.
Kreml qeyd edib ki, səfərin yekununda iki ölkə liderləri birgə bəyanat və bir sıra ikitərəfli sənədlər imzalamaq niyyətindədirlər. Bu sənədlərin məzmunu hələ açıqlanmayıb, lakin Rusiya prezidenti Moskva ilə Pekin arasında iqtisadi əməkdaşlığın vacibliyini dəfələrlə bəyan edib.
Qeyd edək ki, bu, dövlət başçısının yenidən Rusiya Federasiyasının prezidenti seçilməsindən sonra xaricə ilk səfəridir.
Onun andiçmə mərasimi mayın 7-də Moskvanın Kreml sarayında keçirilib.
Mart ayında Rusiya Federasiyasında prezident seçkiləri keçirilib və bu seçkilərdə Vladimir Putin 87,28 faiz səslə qalib gəlib.