BAKI, 14 may — Sputnik. Bakıda Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun öldürülməsinin ilkin təfərrüatları bəlli olub.
Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli tam orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
O, ixtisasca fiziki tərbiyə müəllimidir.
Qeyd edək ki, Natiq Mehdi həmin məktəbdə mühafizəçi vəzifəsində çalışırmış.
***
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun öldürülməsi barədə birgə məlumat yayıb.
Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
"Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir" - deyə məlumatda qeyd olunub.
Günlərdir itkin düşən Müsavat Partiyasının başqanlığına namizəd qətlə yetirilib
Müsavat Partiyasının bir neçə gündür itkin düşmüş üzvünün qətlə yetirildiyi məlum olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Araşdırmalarla 1964-cü il təvəllüdlü Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, bu gün Müsavat Partiyası Natiq Mehdinin itkin düşməsi barədə məlumat yayıb. Bildirilib ki, o, 3 gün əvvəl itkin düşüb. Yaxınlarının dediyinə görə, onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.
Xatırladaq ki, Natiq Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.