BAKI, 10 may — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkədəki səhifəsində keçirdiyi canlı yayımda tədrisi rus dilində aparılan bölmə üzrə uşaqların 1-ci sinfə qəbulu üçün müsahibə mərhələsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahibin suallarını Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov cavablandırıb.
T.Mahmudov canlı yayım zamanı Sputnik Azərbaycan-ın müsahibədə uğursuz nəticə göstərmiş uşaqların ana dilində tədrisə yönləndirilməsi, bu zaman onların ana dilində təhsil almasında yaranacaq çətinliklərin nəzərə alınıb-alınmaması ilə bağlı sualını da cavablandırıb.
"Düşünürəm ki, uşaqların hər hansı dili öyrənməsi, xüsusilə ana dilini öyrənməsində elə bir çətinlik yaranmayacaq. Bunun üçün kifayət qədər mühit də var", - deyə əlavə edib.
İdarə səlahiyyətlisi onu da qeyd edib ki, digər dillərdə tədris alacaq uşaqların müsahibəsi zamanı onların akademik biliyi yoxlanılmır: "Uşağın biliyi 5 meyar üzrə yoxlanılır. Əsasən uşağın təhsil almaq istədiyi dildə şifahi nitq bacarığı yoxlanılır. Uşaq bu dildə özünü sərbəst ifadə edirsə, tutaq ki, fəsillə bağlı verilmiş sualda hər hansı fəslin əlamətlərini ətraflı izah edə bilirsə, bu zaman cavab məqbul sayılır. Bəzən kimsə deyir ki, mənim uşağım rus dilini bilir, amma özünü ifadə edə bilmir. Bizim təşkil etdiyimiz müsahibədə uşağın özünü ifadə etməsində problem yoxdur. Belə hal olarsa psixoloq və pedaqoqa yönəldilir", - Tural Mahmudov bildirib.