BAKI, 10 may — Sputnik. Mayın 10-da xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.
İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü, onun anadan olmasının 99-cu ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.
Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.