BAKI, 9 may — Sputnik. Rusiya və Çin 2033-2035-ci illərdə Yerin təbii peykində atom stansiyası quraşdıracaq. Bu barədə jurnalistlərə "Roskosmos"un rəhbəri Yuri Borisov məlumat verib.
Onun sözlərinə görə, bu missiya avtomatik olaraq robot texnikası vasitəsilə həyata keçiriləcək.
"Hazırda biz ciddi şəkildə 2033-2035-ci illərin sonunda bir atom elektrik stansiyasının çinli həmkarlarımızla birlikdə Ayın səthinə çatdırılması və quraşdırılması layihəsini nəzərdən keçiririk", - Y.Borisov əlavə edib.
"Roskosmos"un rəhbəri onu da qeyd edib ki, bu cür missiyanı avtomatik yerinə yetirmək lazım gələcək, bunun üçün lazım olan texnoloji həllər demək olar ki, hazırdır.
2021-ci ilin martında "Roskosmos" və Çinin Kosmik Agentliyi Beynəlxalq Elmi Ay Stansiyasının (BSS) yaradılmasına dair anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Ay proqramının icrası zamanı Yerin təbii peykinə "Çanqe-6", "Çanqe-7" və "Çanqe-8" avtomatik stansiyaları göndəriləcək.
İlk Ay missiyalarının məqsədi əsas texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək.
Rusiya və Çinin ilk missiyası 2026-cı ildə Aya göndəriləcək və layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.