SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır - İlham Əliyev

Robert Fitso qeyd edib ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var.
Sputnik
BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti bildirib ki, o, Slovakiyaya səfərə dəvət olunub.
Slovakiya Baş naziri deyib: "Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstruktiv danışıqlarımızı davam etdirək. Bugünkü görüş gözlədiyimdən də artıq idi. Siz beşinci dəfə prezident seçildiniz. Bu o deməkdir ki, siz ölkə üçün mühüm bir şəxssiniz. Bu münasibətlə sizi təbrik edirəm. Siz suveren xarici siyasət yürüdən, beynəlxalq hüquqa hörmətlə yanaşan şəxssiniz. Sizin xarici siyasətiniz təkcə bir istiqamətə köklənməyib".
Robert Fitso qeyd edib ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ara-sıra digərlərinə təlimat verməyi xoşlayır:
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər

"Mən heç vaxt heç bir ölkənin daxili və xarici siyasətinə qarışmıram. Təəssüf ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var. Biz Azərbaycanla Aİ arasında körpü olmağa hazırıq. Aİ-də Azərbaycandakı obyektiv vəziyyəti təqdim etmək istəyirik. Azərbaycandakı vəziyyəti maksimal şəkildə obyektiv işıqlandırmalıyıq".

R.Fitso bildirib ki, iki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir:
"Güclü prezident və güclü baş nazir varsa, biz bir sıra layihələri üzərimizə götürə bilərik. Azərbaycanda birgə istehsalat sahəsinin yaradılması hər kəs üçün ortaq fikir olmalıdır".
Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır.
"Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq. Bu gün imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb" - dövlət başçısı vurğulayıb.
Əliyev qeyd edib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.
Azərbaycan lideri bildirib ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.
"Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək" - deyə dövlət başçısı bildirib.