BAKI, 7 may — Sputnik. Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olmaya görə cərimə müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "Tütün və tütün məmulatları haqqında" qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı aparılacaq və bu sahədə fəaliyyət göstərənlərin qarşısına yeni tələblər qoyulacaq. Qeydiyyata alınmayanlara idxal və istehsal qadağan ediləcək. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilir.
"Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişiklikdə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması nəzərdə tutulub.
Qanun layihəsinə görə, qeydiyyata alınmış sahibkarlıq subyektləri reyestrə daxil ediləcək və həmin subyektlərə reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış veriləcək. Reyestrdən çıxarışın verilməsinə görə "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.
Qeyd edək ki, Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir: "Bu dəyişikliklər əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına, yerli xammaldan istifadənin genişləndirilməsinə imkan yaradacaq".