BAKI, 7 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində avropalı diplomatların iştirakı ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri arasında ciddi fikir ayrılıqları yaranıb. Bu barədə Almaniyanın "Der Spiegel" nəşri yazır. Bildirilir ki, ən azı üç ölkə mərasimə öz nümayəndələrini göndərmək istəyir, bəzi Aİ dövlətləri isə bunun qəti əleyhinədir.
Nəşrin məlumatına görə, Fransa, Macarıstan və Slovakiya rabitə kanallarını açıq saxlamaq üçün Rusiya prezidentinin andiçmə mərasiminə öz nümayəndələrini göndərmək niyyətindədirlər. Bununla belə, Almaniya və bir çox digər Aİ dövlətləri, xüsusən də Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda öz nümayəndələrinin iştirakını uyğunsuz hesab edir.
Qeyd edilir ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell əvvəllər Aİ nümayəndələrinin tədbirdə iştirakına qarşı çıxış edib. Lakin onunla razılaşmayan siyasətçilər də olub.
Rusiya liderinin andiçmə mərasimi bu gün baş tutacaq. Bu, onun beşinci prezidentlik müddətidir. Böyük Britaniya, Kanada, Polşa, ABŞ nümayəndələri, eləcə də Aİ səfiri mərasimdə iştirakdan rəsmən imtina ediblər.