TƏHLİL

Azərbaycan və Slovakiya niyə bir-birinə ehtiyac duyur?

Sputnik
BAKI, 7 may — Sputnik. Azərbaycan-Slovakiya diplomatic münasibətlərinin qurulmasından 30 ildən çox vaxt keçir. Bu vaxt ərzində münasibətlər böyük inkişaf yolu keçib. Dəyişən dünya nizamı, dünyadakı iqtisadi mənzərə təbii resurs ixracatçısı olan Azərbaycanı Slovakiya üçün xüsusi ilə maraqlı bir ölkəyə çevirir. Mayın 6-da Slovakiya Baş naziri Robert Fitsonun böyük nümayəndə heyəti ilə Azərbaycana baş tutan səfəri də bu baxımdan əhəmiyyət kəsb edir.
Bəs Azərbaycanı Slovakiya üçün starteji önəmini artıran hansı məqamlardır?
Elşən Manafov
Mövzu ilə bağlı politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıb.
Politoloq bildirib ki, hal-hazırda Slovakiya Macarıstanla birlikdə Avropa İttifaqında Rusiyaya və MDB-nin digər dövlətlərinə yönəlmiş siyasətdə xeyli fərqli mövqe nümayiş etdirirlər. Onun sözlərinə görə, hər iki ölkə rəhbərliyi Aİ-nin qərarlarına öz ölkələrinin milli maraqları baxımından yanaşmağı daha məqsədəmüvafiq hesab edirlər:
"Bu ölkələr bildirir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasəti effektiv deyil və bu yanaşma dəyişməlidir. Daha yaxşı olardı ki, Ukraynanın maliyyyələşdirilməsinə yönəldilmiş vəsaitlər Aİ ölkələrinin öz daxili problemlərinin həllinə yönəldilsin. Bu mənada hər iki ölkənin rəhbərliyi milli maraqları ümumavropa maraqlarına qurban vermək fikrindən uzaq olduqlarını dəfələrlə ifadə ediblər".
Elşən Manafov hesab edir ki, Azərbaycanın Aİ ilə xüsusi münasibətləri var:
"İttifaq daxilindəki qüvvələr Ermənistanın maraqlarından çıxış edərək dəfələrlə Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyiblər. Hətta ötən ilin sentyabrında uğurlu antiterror əməliyyatından sonra İttifaq Azərbaycana qarşı sərsəm ittihamlar səsləndirmişdi. Halbuki Azərbaycan hakimiyyəti ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün təkliflərlə çıxış etmişdi. Bu təkliflər Ermənistanla yanaşı Aİ-yə də göndərilmişdi. Yəni Aİ-nin Cənubi Qafqazda gedən proseslərdə tutduğu mövqe ümumilikdə obyektivlikdən uzaq idi. Azərbaycan Aİ ilə münasibətlərinin inkişafı və çoxşaxəliliyi üçün mümkün olan hər şeyi edib. Aİ Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolun mahiyyətini dərk edir. Bu mənada Slovakiya və Macarıstsan dövlətlərinin Aİ-də adətən Azərbaycanla məsələlərin müzakirəsi zamanı beynəlxalq hüquqa söykənən münasibət sərgiləmələri rəsmi Bakı tərəfindən gözardı edilə bilməz".
Politoloq qeyd edir ki, Azərbaycan bu ölkələrlə ikitərəfli faydalı əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır:
"Slovakiya Baş naziri ölkəmizə gerçəkləşən səfəri milli təhlükəsizlik maraqlarının təmin edilməsi baxımından da önəm daşıyır. Məhz bu səfər zamanı Azərbaycan və Slovakiya hərbi-texniki əməkdaşlıqla bağlı sazişlər imzalayıb. Ona görə, Slovakiya hökumətinin Azərbaycan və Rusiya ilə münasibətlərə fərqli yanaşmaları bu ölkələrin hakimiyyətlərini ölkəmizin üçün maraqlı tərəfdaş edib".
Ukrayna-Rusiya arasında baş verənlər Avropada öz təsirini göstərir. Avropanın şərqində cərəyan edən proseslər ittifaq ölkələrinin daxilində təlatümlər, narazılıqlar yaradır.
Bu baxımdan Azərbaycan ilə Slovakiya arasında münasibətlərin inkişaf etdirilməsi həm də siyasi iradənin ifadəsi sayıla bilər. Məhz siyasi iradə bu səfərdə önəmli rol oynayır. Bu gün İttifaqın aparıcı ölkəsinin timsalında Azərbaycana qarşı aqressiv münasibət sərgilənir. Xüsusən də AŞPA səviyyəsində münasibətlərin sıfır həddində olduğunu nəzərə alsaq, bu səfər daha aydın mənzərəni ortaya çıxarır. Bu baxımdan Slovakiya Baş nazirinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər, rəsmilər tərəfindən verilən açıqlamalar strateji tərəfdaşlığın qurulması üçün önəmli addımlar sayıla bilər.
İki ölkə arasında əməkdaşlığın hərbi-texniki müstəvidə davam etdirilməsi isə münasibətlərdə yeni səhifənin açılması kimi səciyyələndirilməlidir. Əsas məsələ isə ölkələrin sürətli yaxınlaşmasını təşviq edən məqamlardır. Azərbaycan ildən-ilə Avropaya təbii qaz ixracını artırır. Bu soyuq qış aylarında yüksək enerji qiymətlərinin narazılıq yaratdığı Şərqi Avropa ölkələri üçün qaçırılmaz fürsətdir. Azərbaycanın uzun illər etibarlı enerji tərəfaşı imicini formalaşdırması Aİ ölkələri üçün də öz milli maraqları naminə seçim etməyə əsas yaradır. Çünki bu ölkələrin rəhbərlikləri də anlayır ki, müharibələrin odu alovu onların ölkələrini isitməyəcək.
Anlaşılan odur ki, Fitsonun Bakıya iki günlük səfəri ikitərəfli münasibətlərdə yeni dövrün başlanğıcıdır. Bakıya isə səfərlər bundan sonra hələ çox olacaq.