CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sizdən telefon çəkilişi zamanı artıq pul tələb olunarsa...Dövlət Xidməti əhaliyə səsləndi

"Təbii inhisarlar haqqında" qanuna əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.
Sputnik
BAKI, 6 may — Sputnik. Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsinə dair müraciətlər daxil olur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Xidmətindən bildirilib.
Dövlət Xidməti xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı ilə "Təbii inhisar subyektlərinin siyahısı" təsdiq edilib. Həmin siyahı ilə rabitə xidmətləri göstərən təbii inhisar subyektləri də müəyyən edilib.
Qüvvədə olan "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

"Eyni zamanda bildiririk ki, rabitə sahəsində xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının müvafiq Qərarına əsasən, telekommunikasiya operatorlarının telefon çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və şəbəkəyə qoşulma daxil olmaqla) 30 manat təsdiq edilib. Bundan əlavə, Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından istifadəyə görə aylıq abunə haqları əhali istehlakçı qrupu üzrə 3,5 manat, qeyri-əhali istehlakçı qrupu üzrə 7 manat, sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifi 3 qəpik/dəqiqə müəyyən edilib" - məlumatda bildirilir.

O da qeyd olunur ki, cari ilin 1 iyul tarixində qüvvəyə minəcək Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri təbii inhisar fəaliyyət sahələrinə aid edilib:

"Rəqabət Məcəlləsinə əsasən, təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək, məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii inhisar subyektlərinə qadağan edilir".

Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi halları ilə qarşılaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) elektron poçt (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Xatırladaq ki, 2023-ci ildə Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırıb. Qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hər birinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.