BAKI, 6 may — Sputnik. Kreml mayın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə böyük əhəmiyyət verir. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Paşinyan Moskvaya Avrasiya İqtisadi İttiaqının yubiley sammitinə gələcək. Həmin gün Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında ikitərəfli görüş olacaq.
Uşakov jurnalistlərə deyib ki, bu görüş bir çox məsələlərin həllinə kömək edəcək.
Prezidentin köməkçisi xatırladıb ki, Putin və Paşinyan uzun müddətdir ki, bir-birini görmürlər, sonuncu görüş 2023-cü il dekabrın sonunda baş tutub və bundan sonra liderlər praktiki olaraq ünsiyyət qurmayıblar.
Uşakovun sözlərinə görə, Kreml gözləyir ki, Rusiya prezidenti və Ermənistanın baş naziri ikitərəfli münasibətlərdəki problemli məsələləri açıq şəkildə müzakirə edəcəklər.
O, həmçinin xatırladıb ki, Paşinyan apreldə Moskva ilə münasibətlərin ağır günlər keçirdiyini deyib və son vaxtlar iki ölkə liderləri arasında təmasların nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edib.
"Ermənistanda Həm Rusiyaya, həm də KTMT-yə qarşı tənqidlər səslənir. Bilirsiniz ki, Ermənistan KTMT-də iştirakdan faktiki olaraq imtina etməyib, lakin onlar təlimlərdə iştirak etmirlər. Eyni zamanda, Ermənistanda Avropa İttifaqına üzv olmaqla yanaşı, Qərblə dialoq nümayişkaranə şəkildə inkişaf edir. Bu baxımdan liderlər arasında müzakirə tələb olunan məsələlər yığılıb qalıb", - Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.