BAKI, 6 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif buraxılış imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərlə bağlı açıqlama verib.
DİM-dən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.
"3 və 10 martda keçirilmiş imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub" - açıqlamada deyilir.
Bildirilir ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.