ELM

Hər gün mətbəxdə istifadə etdiyimiz ən zərərli tərəvəzin adı açıqlanıb

Şəkərli diabet xəstəliyindən və ya həddindən artıq kökəlmədən əziyyət çəkən insanlara bu tərəvəzdən uzaq durmaq tövsiyə olunur.
Sputnik
BAKI, 5 may — Sputnik. Kartofun çox faydalı və zərərli xüsusiyyətləri var. Qaynadılmış halda daha faydalı ola biləcəyinə baxmayaraq, tərəvəzlər arasında ən zərərlisi kartofdur.
Bunu "SberZdorovye" tibb şirkətinin qastroenteroloqu Darya Utyumova "Gazeta.Ru"ya deyib.
"Kartofun bütün növləri yüksək qlikemik indeksə malikdir. Bu, məhsulun tərkibində olan karbohidratların orqanizm tərəfindən qəbul edilməsi və qlükozaya çevrilməsi sürətini göstərən bir əmsaldır. Yəni, kartof yemək qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb ola bilər ki, bu da orqanizmə mənfi təsir göstərir" - mütəxəssis Utyumova bildirib.
Onun sözlərinə görə, bu, mədəaltı vəzinin şəkər səviyyəsini azaltmaq üçün əlavə insulin istehsal etməyə təhrik edir, həmçinin yağların yığılması prosesini də işə salır. Bu səbəbdən, məsələn, şəkərli diabet xəstəliyindən və ya həddindən artıq kökəlmədən əziyyət çəkən insanlara bu tərəvəzdən uzaq durmaq tövsiyə olunur.
"Qeyd etmək lazımdır ki, qlikemik indeks fərdi məhsul əsasında hesablanır və onun hazırlanmasından asılı olaraq dəyişə bilir. Məsələn, qabığı ilə bişmiş və ya qaynadılmış kartofdan fərqli olaraq qlikemik indeks kartof püresində daha yüksəkdir" - həkim qeyd edib