BAKI, 3 may — Sputnik. Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min manat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin vəsatəti əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.