BAKI, 3 may — Sputnik. "Plastik tullantılar planetin biomüxtəlifliyi üçün təhlükəlidir və qlobal ekoloji problemlərdən biridir. Plastik tullantıların yüz illərlə təbiətdə çürüməməsi, məhv olmaması, hər il onların sayının daha çox artması həyəcan təbilinin çalınmasına səbəb olur. Hər il minlərlə dəniz heyvanı, canlılar plastik tullantılar səbəbindən məhv olur. Mikroplastiklər torpağımızı, suyumuzu, qidamızı çirkləndirir".
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova Sputnik Azərbaycan-a polietilen torbalardan istifadənin azaldılmasından danışarkən deyib.
O bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova
© Sputnik
Şöbə müdiri qeyd edib ki, eyni zamanda ölkəmizdə malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, yüngülçəkili polietilen torbalar alıcılara ayrıca məhsul növü kimi pulla satılır. Bütün bu tədbirlər plastik tullantıların azaldılması üçün həyata keçirilir.
"Plastik materialların təkrar emala göndərilməsi mühümdür"
Plastik çirklənmənin azaldılması yollarından danışan S.Məmmədova bildirib ki, təkrar istifadəyə yararlı məhsullardan istifadə edilməli və birdəfəlik plastiklərdən imtina olunmalıdır: "Plastik materialların təkrar emala göndərilməsi mühümdür. Bioloji parçalanan materiallardan hazırlanan məhsullardan, bitki mənşəli materiallardan hazırlanmış çantalardan istifadə oluna bilər və s.".
"Geniş maarifləndirmə tədbirləri həyata keçirilir"
O diqqətə çatdırıb ki, plastik çirklənmə ilə mübarizədə əsas yollardan biri maarifləndirmədir: "Azərbaycanda bu sahədə maarifləndirmə tədbirləri geniş formatda həyata keçirilir. KİV-lərdə bu barədə çıxışlar olur, müsahibələr verilir. Təhsil müəssisələrində tez-tez mühazirələr, seminarlar, görüşlər keçirilir. Dərsdənkənar vəsaitlərin hazırlanması prosesi həyata keçirilir. Meşə ərazilərində, dəniz sahilində və digər yerlərdə təmizlik aksiyaları silsilə şəkildə olur. Həmçinin artıq bir neçə ildir davam edən "Tullantıları tinglərə dəyiş", "Tullantıları ekoçantaya dəyiş" aksiyalarını göstərə bilərik. Bu aksiyalar zamanı vətəndaşlar plastik, şüşə tullantıları və işlənmiş batareyaları təhvil verərək ting, ekoçanta əldə edirlər".
Keçən il ölkədə polietilen çanta istehsalı azalıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 15869 ton polietilendən kisə və çantalar istehsal edilib. İllik müqayisədə istehsal 9,5 faiz azalıb.
Polietilen torbaların qiyməti 3-5 qəpikdir
Xatırladaq ki, keçən ilin fevral ayından Azərbaycanda marketlərdə polietilen torbalar alıcılara pulla satılmağa başlayıb. Məqsəd polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaqdır. Nazirlər Kabinetinin qərarına əsasən, marketlərdə ölçüsü 15-50 mikron olan polietilen torbalar pulla satılır. Polietilen torbaların qiyməti 3-5 qəpik təşkil edir. Qanunvericiliyə əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və qiyməti barədə alıcıya əvvəlcədən məlumat verilməlidir.
"Polietilen torbalardan istifadə xeyli azalıb"
Onu da əlavə edək ki, keçən ilin oktyabrında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə "Report"a müsahibəsində demişdi ki, polietilen torbalardan istifadə xeyli azalıb: "Biz bunu gündəlik həyatımızda da müşahidə edə bilərik. Artıq insanlar mağazalardan bir neçə torba ilə çıxmırlar, bütün məhsulları bir və iki torbaya yığırlar, alternativ, çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş torbalardan istifadə edirlər".