BAKI, 2 may — Sputnik. Paytaxtdakı ali məktəblərin birində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar. Bakı Biznes Universitetinin tələbələri nəticədə dərslərdən geri qaldıqları, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarından şikayətləniblər.
"Səhər tezdən universitetə gəlmişəm, saqqala görə dərsə buraxmırlar. Hansı qanunda yazılıb ki, saqqallı tələbə dərsə daxil ola bilməz?" - tələbə öz narazılığını bildirib.
Məsələ ilə bağlı universitetin prorektoru Cavidan Heydərov bildirib ki, tələbələrin saqqala görə dərsə buraxılmamaları həqiqəti əks etdirmir.
Hüquqşünas Rəşad Əliyev isə deyir ki, təhsil müəssisələri daxili nizam-intizam qaydaları tətbiq edə bilər. Amma bu qaydalar tələbələrin konstitutsion hüququnu pozmamalıdır. Onlara dini inanclarına görə məhdudiyyət qoyula bilməz. Əgər burada konstitutsion hüquq pozulursa, tələbə təhsil müəssisəsini məhkəməyə verə bilər.
Qeyd edək ki, adıçəkilən universitet özəl ali təhsil müəssisəsidir. Saqqalları olduğuna görə dərsə buraxılmayan tələbələr ildə iki min manat təhsil haqqı ödədiklərini bildiriblər.
Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a deyib ki, hansısa elmi, texnoloji və s. yeniliklərə görə ali təhsil müəssisələrinin və ya tələbələrin adlarının hallanması daha gözəl olardı. Təəssüf ki, XXI əsr olmasına baxmayaraq, hələ də mağara ab-havasında olanlar var.
O qeyd edib ki, ümumiyyətlə, müəllim və tələbə anlayışı özündə müsbət məqamları ehtiva edir: "Ona görə də onlardan daim diqqətli olmaları tələb olunur. Əgər örnək, nümunə olaraq başqaları ilə müqayisə predmetinə çevrilirlərsə, deməli, onlar özləri də daşıdıqları adlara hörmətlə yanaşmalıdırlar".
"Saqqal məsələsinə görə tələbənin və ya müəllimin prosesdən kənarlaşdırılması yolverilməzdir. Əlbəttə hər bir univetsitetin özünün daxili qaydaları var və bu qaydalara əsasən, tələbləri formalaşır. Əgər o tələblər içərisində saqqal məsələsi də varsa, bunu sivil qaydada təhsilalanla danışaraq həll etməyə çalışmaq lazımdır. Zor tətbiqi və ya təhdidlə aparılan danışıq bir çox hallarda nüfuza xələl gətirir. Bu amili nəzərə almaq lazımdır" - Elçin Əfəndi bildirib.