BAKI, 2 may — Sputnik. İspaniya ordusunun istefada olan general-leytenantı Pedro Pitarç bu yaxınlarda Qərbin Ukraynaya təsdiqlədiyi yardım paketinin faydasız olduğunu bildirib.
Bu barədə Rusiya mediası generalın sözlərini sitat gətirən "ABC" qəzetinə istinadən xəbər verib.
Xarici hərbçi bildirib ki, yeni yardım paketinin hərbi əməliyyatların gedişatına təsir göstərməsi ehtimalı azdır, çünki Ukrayna Silahlı Qüvvələrində (USQ) insan resursları kifayət etmir.
"Təsdiq edilmiş paket, şübhəsiz ki, Ukrayna qoşunlarının əməliyyat imkanlarının artırılması demək olacaq, ancaq bu, onların hücuma keçməsinə imkan verməyəcək", - Pitarç izah edib.
General etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının irəliləməsini bir müddət saxlaya biləcək. Lakin böyük ehtimalla Ukrayna ordusu Rusiyanın yaz-yay hücumunu dayandıra bilməyəcək.
Bu yaxınlarda ABŞ Prezidenti Co Bayden bildirib ki, ölkə yaxın vaxtlarda Ukraynaya hava hücumundan müdafiə, artilleriya, raket sistemləri və zirehli texnikalar üçün yeni silah-sursatlar göndərəcək. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isəqeyd edib ki, Ukraynaya ayrılan silahların verilməsi dərhal başlayacaq.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.