DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yanğında ölən erməni hərbçilərin ailələri etiraz aksiyası keçirirlər

Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən insidentlə bağlı obyektiv araşdırma aparmağı tələb edirlər.
Sputnik
BAKI, 1 may — Sputnik. Ermənistanın Qeqarkunik rayonunun Azat kəndindəki müvəqqəti kazarmada baş verən yanğın nəticəsində həlak olan əsgərlərin yaxınları İrəvanın Respublika meydanında etiraz aksiyası keçirirlər. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Bildirilir ki, aksiya iştirakçıları Ermənistan hakimiyyətindən insidentlə bağlı obyektiv araşdırma aparmağı tələb edirlər.
"Biz baş verənlərin rəsmi versiyasına inanmırıq. Onlar bu məsələni həll etməsələr, biz başqa tədbirlər görəcəyik", həlak olan hərbçilərdən birinin qohumu bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilmiş versiya çərçivəsində iş aparılır, ancaq heç bir real araşdırma aparılmır.
Aksiyanın digər iştirakçısı qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə onlar baş nazirə 23 sual veriblər, o, yalnız üç suala cavab verə bilib.
"Necə oldu ki, yanğın zamanı 15 uşaq yanıb, bir nəfər də sağ çıxa bilməyib. Bu, o deməkdir ki, onlara nəsə edilib", o deyib.
Məhkəmədə zərərçəkmişlərin maraqlarını təmsil edən vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, istintaq hələ də davam etdiyi üçün bir sıra açıqlanmayan məqamlar var.
"Yanğın baş verən gün ərazidə və ya yaxınlıqda olmuş bəzi şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün vəsatət verilib. Lakin hələlik heç bir addım atılmayıb", vəkil əlavə edib.
2023-cü il yanvarın 19-na keçən gecə Qeqarkunik rayonunun Azat kəndində mühəndislik şirkətinin müvəqqəti barakı kimi fəaliyyət göstərən kazarmada yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, daha üç nəfər yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, hadisəyə səbəb istilik üçün benzindən istifadə edilməsi olub. Faciədən sonra 5 yüksək rütbəli hərbçi tutduqları vəzifələrdən - 2-ci Ordu Korpusunun demək olar ki, bütün komandanlığı ilə vəzifədən azad edilib. Yanğınla bağlı 2 cinayət işi başlanıb.