İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini azaltma səbəbini açıqladı

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.
Sputnik
BAKI, 01 may — Sputnik. Mərkəzi Bank uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Mərkəzi Bankdan bildiriblər ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.
Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb.
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb.
Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%).
Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaq. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin yaxın perspektivdə dəyişməz saxlanılması ehtimalını yüksəldir.
Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.
28.03.24, 11:21
Mərkəzi Bank uçot dərəcəsini yenə aşağı saldı - İnflyasiya gözləntiləri stabilləşib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb.
Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8% təşkil edib. İllik ərzaq deflyasiyası 0.3%, qeyri-ərzaq inflyasiyası 1.4%, xidmətlər inflyasiyası isə 2.3% olub. İllik inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir.
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var.
Pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaq.
Bu qərar 29 mart 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il may ayının 1-də açıqlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.