BAKI, 29 aprel — Sputnik. Azərbaycanda tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyatı aparılacaq və bu sahədə fəaliyyət göstərənlərin qarşısına yeni tələblər qoyulacaq. Qeydiyyata alınmayanlara idxal və istehsal qadağan ediləcək. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilir.
"Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişiklikdə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması nəzərdə tutulub.
Reyestrdən çıxarışın verilməsinə görə rüsum ödəniləcək
Qanun layihəsinə görə, qeydiyyata alınmış sahibkarlıq subyektləri reyestrə daxil ediləcək və həmin subyektlərə reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış veriləcək. Reyestrdən çıxarışın verilməsinə görə "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.
Layihəyə əsasən, tütün məmulatının idxalı və istehsalı ilə məşğul olan şəxslər həmin fəaliyyətlə məşğul olmaq üçün bu qanun qüvvəyə mindiyi tarixdən 6 ay müddətində qeydiyyat üçün müraciət etməlidirlər.
"Sahibkarlıq subyektlərinin qeydiyyata alınması müsbət hadisədir"
Məsələ ilə bağlı iqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması müsbət addımdır: "Amma eyni zamanda tütünçülüyün inkişaf etdirilməsi üçün marketinq, investisiyanın təşviqi işləri həyata keçirilməlidir. Bazarlara daha keyfiyyətli məhsul çıxarmaqla rəqabət imkanlarını artırmaq olar. Əgər bütün bu işlər paralel olaraq həyata keçirilsə, bu addımlar yaxın gələcəkdə iqtisadiyyatımıza müsbət təsir göstərə bilər".
"Bütün dünya ölkələri tütün məmulatlarının qaçaqmalçılığına qarşı müxtəlif formalarda mübarizə aparır" - deyən iqtisadçının sözlərinə görə, bu qanuna dəyişiklik edilməsə belə ölkəyə qaçaqmalçılıq yolu ilə tütün məmulatlarının gətirilməsi halları olur:
"Əgər rəqabət yoxdursa, bahaçılıq varsa, bazara saxta və qaçaqmalçılıq yoluyla məhsulların daxil olması sürətlənəcək".
Siqaet satışı
© Sputnik / Konstantin Chalabov
"Bu addım ixrac tütün məmulatlarının keyfiyyətinə təsir etməyəcək"
Onun fikrincə, qanuna dəyişikliyin tütün məmulatlarının qiymətinə birbaşa təsiri gözlənilmir: "Çünki onsuzda bu sahədə idxalçı və istehsalçı azdır. Başqa sözlə, bu addım qiymətlərdə ciddi dəyişikliyə səbəb olmayacaq".
İqtisadçı Xalid Kərimli isə bu dəyişiklikləri müsbət hesab etmir: "Bu addım xaricə ixrac edilən tütün məmulatlarının keyfiyyətinə təsir etməyəcək. Onsuzda məhsul ixracı üçün ciddi tələblər mövcuddur. Xaricə göndərilən məhsul standartlara cavab verməlidir. Bu qanuna dəyişikliyin biznes mühitini inkişaf etdirəcəyini düşünmürəm".
Onun sözlərinə görə, bu qanuna dəyişiklik tütün məmulatlarının qiymətinə təsir etməyəcək, çünki bu sahənin iştirakçıları azdır: "Lakin beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur. Bu da qiymətlərə artırıcı təsir göstərir".
Hansı tələblər var?
Qeyd edək ki, qanun layihəsinə əsasən, tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün şərtlər aşağıdakılardır:
-avadanlıqların alınmasına 34 milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması,
-Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması,
-vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması,
-tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın və digər sənədlərin olması,
-keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması,
-sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair tələblərə riayət etməlidirlər.
Qeyd edək ki, avadanlıqların alınmasına 34 milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması və istehsalda yerli tütün xammalından istifadə həcmlərinə dair tələblər yalnız siqaret istehsalına şamil olunur. Qeydiyyata alınmadan tütün məmulatının istehsalı qadağandır.
Sənədə əsasən, tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:
-Azərbaycan ərazisində azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi,
-Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması,
-vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması.
Sənədə görə, qeydiyyatı olmayan hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına yol verilməyəcək.
"Düzəlişlər ixracın artırılmasına imkan yaradacaq"
Qeyd edək ki, Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir: "Bu dəyişikliklər əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına, yerli xammaldan istifadənin genişləndirilməsinə imkan yaradacaq".
Niyə icazə sistemi tətbiq ediləcək?
Komitə sədri qeyd edib ki, icazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə xidmət edəcək.
Tütün məmulatının istehsalında yerli xammaldan istifadə artırılacaq
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki, tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir: "Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq".
Samirə Musayeva bildirib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti burada nəzərə alınıb.
Azərbaycan tütün tələbatını daxili istehsalla təmin edib
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deyib ki, ötən il 15,3 milyard ədəd siqaret istehsal olunub: "Azərbaycanda ümumi istehlakın 98 faizi yerli istehsalla, 2 faizi xaricdən idxalla təmin olunub. İdarə rəisi qeyd edib ki, hazırda Azərbaycanda yüksək keyfiyyətli tütünlər əkilir. İxrac potensialının böyüdülməsi üçün bu qanunda tələblər qoyulub. Öz daxili istehsalımızı artıq təmin etmişik.
Qanun layihəsində qeyd edilib ki, yerli xammaldan istifadə şərti ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcək. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaq. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaq.
"Tütünçülüyün inkişafı əsas hədəflərdəndir"
"Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunub. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaq" - sənəddə bildirilib.
"İstehsalın quraşdırılması üçün 10 milyon dollar vəsait tələb olunur"
Layihədə qeyd edilib ki, tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı, müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir. Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət var. Bu cür tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların cəlbinə, əmək məhsuldarlığının artırılmasına səbəb olacaq.
Əlavə edək ki, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik Milli Məclisin plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.