BAKI, 29 aprel — Sputnik. Türkiyə Niderlandın hazırkı baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyini bildirib. Bu barədə Niderland Teleradio Korporasiyası (NOS) alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Rutte aprelin 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula səfər edib. Türkiyə hələ Rutteyə dəstək ifadə etməyən son dörd NATO ölkəsindən biri idi.
Bundan əvvəl bildirilmişdi ki, Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyi alyansa üzv olan 32 ölkədən 28-i tərəfindən artıq dəstəklənib. Onu dəstəkləyən alyansa üzv dövlətlər arasında ABŞ, Almaniya, Böyük Britaniya və Fransa da var.
NATO-nun hazırkı baş katibi Yens Stoltenberq vəzifəsini 2022-ci il oktyabrın 1-də tərk etməli idi, lakin 2022-ci ilin martında alyans ölkələrinin liderləri sammit zamanı Ukrayna ətrafında baş verənlər fonunda onun mandatını 2023-cü il sentyabrın 30-na kimi uzatmaq qərarına gəliblər. Ötən ilin iyul ayında o, daha bir il, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını açıqlayıb. Alyansın bütün tarixində ən uzun müddət vəzifədə olan baş katib niderlandlı Yozef Luns olub. O, 13 il bu vəzifədə çalışıb. Doqquz illik katiblik müddəti ilə Stoltenberq hələ də ikinci yerdədir.