CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq - Dövlət Komitəsi

İsmayıl Axundov onu da əlavə edib ki, itkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji nümunələr götürülüb.
Sputnik
BAKI, 29 aprel — Sputnik. "Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıblar".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində deyib.
O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub: "Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.
Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə "yüksəlmiş" Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o, bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürülməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.
Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik".
Tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib
O, həmçinin deyib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib.
İşçi Qrupun rəhbəri bildirib ki, ümumilikdə 586 nəfərə aid meyit qalığı aşkar olunub və onlardan 108 nəfərin artıq şəxsiyyəti müəyyən edilib: "Onların 35 nəfəri artıq ictimaiyyətə elan olunub. 73 nəfərin ictimaiyyətə elan olunması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Həmin 73 nəfərdən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndlərində aşkarlanmış kütləvi məzarlıqlardan götürülüb".
Meyit qalıqlarının hamısı tələblərə cavab vermir
İsmayıl Axundov onu da əlavə edib ki, itkin düşmüş şəxslərin böyük əksəriyyətinin ailə üzvlərindən bioloji nümunələr götürülüb. Ancaq bu iş tam yekunlaşmayıb və davam edir. Onun sözlərinə görə, şəxsiyyəti eyniləşdirilmiş 108 nəfərin hamısı məhz bu nümunələrdən istifadə edilərək müəyyənləşdirilib: "Sözsüz ki, burada vacib aspekt molekulyar genetik laboratoriyanın verdiyi cavabdır. Əgər tapılmış sümüklərdə bioloji nümunə, başqa sözlə DNT varsa, onun şəxsiyyətinin müəyyən olunması asandır".
İsmayıl Axundov qeyd edib ki, bununla yanaşı, itkin düşmüş şəxslərin eyniləşmə prosesində digər metodlardan da istifadə olunur: "İtkinlərlə bağlı ilkin olaraq antemortem - ölümdən əvvəliki - məlumatlar toplanır. Məzarlar aşkarlanandan sonra isə postmortem - ölümdən sonrakı - məlumatlar toplanır ki, əvvəlki məlumatlarla tutuşdurulsun. Ümumilikdə isə şəxsiyyətin eyniləşdirilməsi çox mürəkkəb prosesdir, bu ciddi vaxt, maddi və insan resursları tələb edir. Ekshumasiya prosesində tapılan meyit qalıqları müəyyən tələblərə cavab verməlidir. Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı o tələblərə cavab vermir.
Ümumiyyətlə, antemortem məlumatların toplanması zamanı verilmiş bütün informasiyalar qeydiyyata alınır. Bu prosesdə itkinin ailə üzvlərinin, son dəfə onu görmüş və yanında olmuş şəxslərin verdiyi məlumatlar toplanır və sistemləşdirilir. Sonuncu dəfə itkinin əynindəki geyim, ayaqqabı, yaxud cibindəki daraq, qələm, qol saatı və s. kimi məlumatları nəzərdə tuturam. Əgər məzardan deyilən parametrlərə uyğun artefaktlar tapılırsa, itkin düşən şəxsin şəhidolma arealı da bizə məlumdursa, bu metodologiyalardan da istifadə olunur".