CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə gün əvvəl azadlığa buraxılan tanınmış MMA idmançısı yenidən həbs edilib

Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Bir neçə gün əvvəl məhkəmə zalından azadlığa buraxılan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov yenidən həbs edilib.
APA xəbər verir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Vüqar Kərəmovun azadlığa buraxılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından narazı qalan prokuror apellyasiya protesti verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.
Bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
Aprelin 24-də Xətai rayon məhkəməsində xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov və Rüfət Əsədovun barəsində həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.
Vüqar Kərəmovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı təmin edilməyib və onun basində polis nəzarəti qətimkan tədbiri seçilib.
24.04.24
Məhkəmə xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda onlardan üçünün həbs müddəti bir ay uzadılıb.
V.Kərəmov isə məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, bu ilin fevral ayında Xətai Rayon Məhkəməsinin qərarı ilə baş məşqçi Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq MusayevMehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.
Əlavə edək ki, ictimai birlik Azərbaycan MMA və Grappling Federasiyası adı ilə 2023-cü ildə yenidən təsis edilib və Gənclər və İdman Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.