BAKI, 29 aprel — Sputnik. Latviyanın Səhiyyə Nazirliyi ölkədə bu dərmanların analoqu olmadığı üçün Rusiya və Belarusdan gələn dərmanların qadağan edilməsini dəstəkləməyib.
Bu barədə Latviyanın "TV3" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, xəstələrə lazım olan, Latviyada qeydiyyatda olmayan, lakin tibbi praktikada istifadə olunan dərmanların, təxminən 10%-i bu iki ölkədən gəlir.
Bu səbəbdən Səhiyyə Nazirliyi Rusiya və Belarusdan gələn malların dövlət və bələdiyyə satınalmalarında qadağan edilməsi ideyasını dəstəkləmir. Qeyd olunub ki, səhiyyə xidmətləri Rusiyadan tibbi mal və avadanlıq almır.
Bundan əvvəl "Latviya Milli Birliyi" partiyası rusdilli medianın qorunub saxlanmasının tərəfdarı olan ölkənin Mədəniyyət Nazirliyinin rəhbəri Aqnes Loqinanın istefasını tələb edib.