SƏHİYYƏ

Sağlamlıq haqda arayışı elektron formada almaq nə vaxtdan mümkün olacaq?

Elm və təhsil nazirinin müavini Həsən Həsənli isə bildirib ki, arayışların elektronlaşması vətəndaşlara xidmətlər zəncirində ən həssas məqamlardan biridir
Sputnik
BAKI, 26 aprel — Sputnik. "Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Elektron tibbi arayış" xidmətinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, elektronlaşma ilə tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq: "Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq".
V.Qurbanov bildirib ki, bu gün ən çox müraciət olunan arayışlar - işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlardır: "Ötən ilin statistikasına nəzər salaq, tabeli tibb müəssisələrimizdə 28 min 893 nəfərə "Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün", 4 min 404 vətəndaşa isə "Sürücülüyə yararlı olmaq barədə" tibb arayış təqdim olunub. Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir".
TƏBİB rəhbəri əlavə edib ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq: "Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub".
Vüqar Qurbanovun sözlərinə görə, icbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin olunur.
Sağlamlıq haqqında arayışlar digər vətəndaşlara 40 manat ödəniş əsasında verilir.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli isə bildirib ki, arayışların elektronlaşması vətəndaşlara xidmətlər zəncirində ən həssas məqamlardan biridir: "Təkcə ali təhsillə bağlı hər il 65 min vətəndaş arayışla bağlı müraciət edir. Biz bu prosesi nə qədər sürətli etsək, vaxta qənaət etmiş olarıq".
O, qeyd edib ki, bu prosesin elektronlaşması vətəndaşların keçəcəyi prosesin daha rahat və şəffaf olmasına imkan yaradacaq.