PAYTAXT XƏBƏRLƏRİ

Bulvarda skuter kabusu - Video

Skuterlərin icarəyə verildiyi icarə məntəqəsindən bildirdilər ki, onlar nəqliyyat vasitələrini icarəyə verərkən insanları məlumatlandırırlar.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Dənizkənarı Milli Parkda skuterlərin hərəkəti üçün zolaqlar salınsa da, skuter sürənlər hərəkətə mane olmaqda davam edir. Paytaxt sakinləri skuterin hərəkətinin asudə vaxtlarını bulvarda keçirməyə əməlli-başlı mane olduğunu söyləyirlər. Ən çox şikayətləndikləri məqam isə skuterlərin onu idarə edə bilməyən, naşı şəxslərə icarəyə verilməsidir.
Sputnik Azərbaycan-a bu barədə danışan paytaxt sakinləri skuteri idarə edə bilməyən şəxslərin bulvara yürüş edən insanlara təhlükə yaratdıqlarını bildiriblər. Qeyd ediblər ki, skuter öz zolaqlarından başqa dənizkənarında da hərəkət edirlər ki, bu da xüsusilə bulvarda azyaşlıllar üçün təhlükə yaradır.
Apardığımız müşahidələr zamanı da skuterlərin zolaqlardan kənar hərəkət etdiyinin şahidi olduq. Azyaşlı uşaqları ilə bulvara gələnlər isə skuterlərin hərəkətindən narahat olaraq övladlarını bir dəqiqə belə nəzarətsiz buraxa bilmədiklərindən gileyləndilər.
Skuterlərin icarəyə verildiyi icarə məntəqəsindən bildirdilər ki, onlar nəqliyyat vasitələrini icarəyə verərkən insanları məlumatlandırırlar. Bununla belə qaydaları pozanlar da olur.
Paytaxt sakinləri isə bulvarda qaydalara əməl etməyən skuter sürənlərə cərimə tətbiq edilməli olduğunu düşünürlər.
Qeyd edək ki, skuterlərin bulvarda icarə haqqı 20 qəqiqə üçün 5 manatdır.
Dənizkənarı Bulvar idarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a bildirib ki, əhalinin şikayətlərindən sonra skuterlərin hərəkəti üçün zolaqlar yaradılıb.
Ə.Mehdiyeva skuterlərin dənizkənarında sürülməsinə icazə verilmədiyini də əlavə edib. Bildirib ki, bununla belə zolaqdan kənar hərəkət edənlərə qarşı da cərimə tətbiq olunmur. Onlarla maarifləndirici söhbətlər aparılır. Həmçinin bulvarda mühafizəçilər tərəfindən skuter sürənlərə nəzarət edilir ki, zolaqdan kənar sürməsinlər.
Qeyd edək ki, bir müddət öncə Milli Park ərazisində skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.
Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq. Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur.
Qeyd edilib ki, Dənizkənarı Bulvar İdarəsi bundan sonra da vətəndaşların Milli Park ərazisində rahat, təhlükəsiz istirahət etməsi üçün səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri yerinə yetirəcək.
Xatırladaq ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə ötən il iyunun 1-dən məhdudiyyət qoyulmuşdu.