BAKI, 26 aprel - Sputnik. Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb. Bu barədə deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb.
Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.
Digər diqqəti çəkən digər məqam Hindistandan gələnlərin sayındakı artımdır. Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar.
Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempi qorunub saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.
13.11.23, 08:37
Azərbaycana Rusiyadan gələn turistlərin sayı açıqlanıb
Bu ilin yanvar-sentyabr ayında Azərbaycana Rusiyadan 116,9 min turist gəlib. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycan Rusiyadan turist qəbul edən ölkələr arasında 8-ci sırada qərarlaşıb, MDB ölkələri sırasında isə 3-cü olub.
Doqquz ayda Rusiyadan xaricə 7 milyondan çox turist səfər edib ki, bu da, illik müqayisədə 30 %-dən çoxdur. Bununla belə xarici səfər edən turstlərin sayı 2019-cu illə, yəni pandemiyadan əvvəlki dövrlə (14,078 milyon) müqayisədə iki dəfə az olub.
Eyni dövrdə Rusiyadan bütün məqsədlərlə xaricə səfər edənlərin sayı isə 23 % artaraq 21 milyona çatıb. Pandemiyadan əvvəlki dövrdə bu göstərici 35,2 milyon təşkil edib.
Hesabat dövründəı rus turistlər üçün ən populyar turizm istiqamətləri Türkiyə (3,4 milyon), Birləşmiş Ərəb Əmirlikləri (922,6 min), Misir (739,2 min), Tayland (519,7 min), Çin (135,9 min), Ermənistan (335,9 min), Özbəkistan (121,9 min), Azərbaycan (116,9 min) və Qazaxıstan (113,3 min) olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.