BAKI, 25 aprel — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunmuş təhsil müəssisələri ilə bağlı müvafiq qərarlar verilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.
Məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.
01.04.24, 11:50
Kollec direktoru niyə işdən çıxarılıb?
Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl isə Göyçayda kollec direktoru nöqsanlara görə işdən azad edilib. Araşdırma zamanı sözügedən kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə Kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.