SƏHİYYƏ

Uşaqların həyatı təhlükədə - Qeysəriyyə əməliyyatı təbii doğuşu üstələyib

Nəsib Quliyev qeysəriyyə əməliyyatının uşaqların sağlamlığına göstərdiyi mənfi fəsadları açıqlayıb.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 46684 qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53267-ə qlaxıb. Başqa sözlə desək, həmin il Azərbaycanda 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib.
Qeyd edək ki, son illər qeysəriyyə əməliyyatı ilə uşaqların dünyaya gəlməsində artımın olmasının əsas səbəbi kimi, həkimlərin cərrahi əməliyyata üstünlük verməsi göstərilir.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, həkimlərin məqsədli şəkildə qeysəriyyə əməliyyatına üstünlük verməsi yanlış fikirdir.
TƏBİB
"Hər bir qeysəriyyə əməliyyatı mütləq əsaslandırılır. Protokola əsasən göstərişlər 5 qrupa bölünür: birinci qrupda anamnezində hər hansı bir səbəbdən icra olunmuş əməliyyat nəticəsində uşaqlıq üzərində çapığı olan hamilələr; ikinci qrupda təbii doğum yolları ilə doğuşa mane ola biləcək səbəbləri olan hamilələr (dölün köndələn vəziyyəti, dölün çəkisinin 4500 qramdan artıq olması, doğum yolların inkişaf qüsurları və s); üçüncü qrupda dölün çanaq gəlişləri olan ilk hamilələr; dördüncü qrup döl tərəfdən göstərişlər (dölün bətndaxili inkişaf ləngiməsi, rezus-izoimmunizasiya nəticəsində döldə ağır dərəcəli immunizasiyası olan hamilələr); beşinci qrupda uzunmüddətli sonsuzluqdan sonra və ya süni mayalanmadan sonra baş tutmuş hamiləliklər, insan immunçatışmazlığı viruslu infeksiyası olan hamilə, anada budun anadangəlmə çıxığı və s. kimi xəstəlikləri olan hamilələr daxildir".
Bildirilib ki, qeysəriyyə əməliyyatlarının klinik protokola uyğunluğu mütəmadi yoxlanılır. Araşdırma zamanı uyğunsuzuluq halları aşkarlanmayıb.
O da qeyd edilib ki, Milli Məclisin "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 31-1. Maddəsinə əsasən qeysəriyyə kəsiyi əməliyyatının tibbi əsaslarının müəyyənləşdirilməsini nəzərdə tutan qanun qəbul edilib. Bu qanuna əsasən qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Qeysəriyyə əməliyyatlarının fəsadlarına gəlincə, TƏBİB-dən bildirilib ki, qeysəriyyə kəsiyi əməliyyatlarının fəsadlarına uşaqlıqdakı tikişlərin yararsızlığı, uşaqlığın atonik qanaxması, endometrit, sepsis, sidikaxarı yollarının infeksiyası, bağırsaq keçməzliyi, sidik-cinsiyyət və digər fistulalar, tromboemboliya, reproduktiv funksiyanın pozulması və s. aiddir.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a qeysəriyyə əməliyyatının uşaqların sağlamlığına göstərdiyi mənfi fəsadları açıqlayıb. Kafedra müdiri deyib ki, təbii yolla doğulan uşaqlar daha tez mühitə uyğunlaşırlar. Onların böyümə və inkişafında ciddi problemlər yaranmır.
Ölkənin baş pediatrı Nəsib Quliyev
N.Quliyev deyir ki, doğuş dövrü insan həyatı üçün vacib bir dövrdür.
"Doğuş zamanı ana və uşağın orqanizmində minlərlə proses gedir. Uşaq təbii yolla dünyaya gələrkən doğuş yollarında sıxılır. Bu zaman ana bətnindən oksigen ala-ala onun ağciyərlərində olan maye xaric olur. Çünki, bətndaxilində uşaqların ağciyərləri maye ilə dolu olur. Təbii doğuş zamanı doğuş yollarında ağciyərlərdən maye sıxılaraq kənarlaşdığından, uşaq doğulan kimi qışqırmağa başlayır. Amma cərrahi yolla uşaq suyun içərisindən çıxardılır. Bu zaman uşağın ağciyərləri su ilə dolu olduğundan nəfəs ala bilmir. Ona görə uşaq göyərməyə başlayır. Ancaq kənar müdaxilə ilə uşağın ciyərləri sudan təmizlənir. Belə olduqda uşaq çox ağır hipoksiya (toxumaların oksigenlə təchizatın və ya mənimsənilməsinin pozulması) keçirir. Bu isə uşaqda çoxsaylı fəsadlara səbəb olur" - Nəsib Quliyev qeyd edib.
N.Quliyev qeysəriyyə əməliyyatı ilə yeni doğulan körpənin və ananın qanında, hormon statusunda çoxsaylı dəyişikliklər baş verdiyini söyləyir. Onun sözlərinə görə, təbii doğuş cərrahi doğuşdan daha düzgündür.
Quliyev bildirib ki, cərrahiyyə yolu ilə dünyaya gələn uşaqların böyüməsində, baş beynində çatışmazlıqlar yaranır: "2000-ci illərdə ABŞ-da aparılan araşdırma zamanı da məlum olub ki, ağır cinayət törədənlərin 92 faizi süni yolla dünyaya gəlib. Cərrahiyyə yolu ilə dünyaya gələn insanlar onu əhatə edən cəmiyyətə qarşı daha qəddar olurlar".
Kafedra müdiri onu da əlavə edib ki, tarixə "Sezar" əməliyyatı kimi düşən qeysəriyyə əməliyyatı əslində ölü ananın qarnından uşağın kəsilərək götürülməsi ilə yaranıb.
"Amma hazırda Azərbaycanda olunan əməliyyatı qeysəriyyə əməliyyatı adlandırmaq düzgün deyil. İndi sadəcə uşaqları cərrahi əməliyyat aparmaqla ananın qarnından götürürlər. Buna tibbi göstərişin olub-olmamasına məhəl qoyulmur. Bu, təbiətə qarşı atılmış addımdır. Təəssüf ki, son illər cərrahi doğuşların sayı artmaqdadır ki, bu da həm ananın, həm də uşağın sağlamlığı üçün təhlükəlidir" - Nəsib Quliyev deyib.
Qeyd edək ki, tibbdə qeysəriyyə əməliyyatlarının aparılması perenatal itkilərin azaldılması məqsədi ilə əlaqələndirilir. Halbuki qeysəriyyə kəsiyinin fəsadları da var. Qanamalar, tromboemboliyalar da bu proses zamanı baş verir.