CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 24 aprel – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 24 aprel — Sputnik. Aprelin 24-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 24-də kimlər dünyaya gəlib?
Əliəşrəf Əlizadə (1911-1985) – Azərbaycan Respublikasının geologiya-mineralogiya elmləri doktoru və professordur. O, SSRİ-nin neft mədənlərinin əsas rayonlarında geoloji-kəşfiyyat işləri aparıb və Azərbaycanda bir sıra neft yataqlarının (Siyəzən, Buzovna-Maştağa, Qaradağ, Sanqaçal və s.) açılışında bilavasitə iştirak edib.
Əliəşrəf Əlizadə
Fərid Qayıbov (1979) – Azərbaycanın gənclər və idman naziridir (2021-ci ildən).
Fərid Qayıbov
Barbra Streyzand (1942) amerikalı müğənni və aktrisadır. O, iki "Oskar", həmçinin "Emmi", "Qremmi" və "Qızıl Qlobus" mükafatlarının sahibidir. Atrisa "Məzəli qız", "İki ürəyin görüşü" və s. filmlərdə rol alıb.
Barbra Streyzand
Jan-Pol Gotye (1952) - fransız modelyerdir. O, öz moda evinin və "Jean Paul Gaultier S.A." şirkətinin prezidentidir.
Jan-Pol Gotye
Yulianna Karaulova (1988) – rusiyalı müğənni və teleaparıcı, "5sta Family" qrupunun keçmiş solisti və "Ulduz fabriki-5" musiqi istedad şousunun finalçısıdır.
Yulianna Karaulova
Aprelin 24-də dünyada baş verən tarixi hadisələr
1800-cü ildə ABŞ Konqresinin Kitabxanası yaradılıb.
1833-cü ildə ABŞ-da qazlı su patentləşdirilib. Bu suyu ingilis kimyaçı və filosof Cozef Pristli icad edib.
1964-cü ildə Kopenhagendə Danimarkanın əsas simvollarından biri olan Kiçik su pərisi heykəlinin başı oğurlanıb. Qayanın üzərində yerləşən heykəl 1913-cü ildə heykəltəraş Edvard Eriksen tərəfindən bürünclə təcəssüm edilib. Kiçik su pərisinin başı tapılmayıb - yenisini yaratmaq lazım olub. Bu vandalizm aktının əvvəllər məhkum olunmuş rəssam Yorgen Naş tərəfindən törədildiyi barədə şayiələr yayılıb.
1990-cı ildə astronomik inqilabın əsasını qoyan "Habbl" orbital teleskopu Yerin orbitinə buraxılıb. Bu, NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir.
1957-ci ildən Gənclərin Beynəlxalq Həmrəylik Günü qeyd olunur.
2015-ci ildən Beynəlxalq Heykəltəraşlıq Günü qeyd olunur. Bu gün Beynəlxalq Heykəltəraşlıq Mərkəzi tərəfindən təsis edilib.