BAKI, 24 aprel — Sputnik. Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə birlikdə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı vurğulayıb:
"Biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Bu gün əmtəə dövriyyəsinin bir neçə dəfə artması rəqəmləri səsləndi. Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur".
İlham Əliyev bildirib ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.
"Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib" - dövlət başçısı bildirib.
Dövlətimizin başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.
Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.