CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Çernobıl Əlilləri İttifaqı" Metsamor AES-in fəaliyyətini dayandırmasını tələb edir

Mirhəsən Həsənov xatırladıb ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvi işlərində iştirak etmiş insanların özləri ilə yanaşı, övladları da bu faciənin əzabını çəkirlər.
Sputnik
BAKI, 24 aprel — Sputnik. "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyi Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmasını tələb edir. Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı"nın sədri Mirhəsən Həsənov deyib.
O bildirib ki, Metsamor Atom Elektrik Stansiyasında baş verəcək qəza region dövlətlər və bəşəriyyət üçün böyük bir faciə ola bilər:
"Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar keçirdiyimiz bu tədbirdə biz bütün dünyaya, bəşəriyyətə səslənirik. Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılmalıdır. Biz heç kimdən xahiş etmirik. Bu, tələbdir. Bu, region dövlətləri üçün çox böyük təhlükədir".
O xatırladıb ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvi işlərində iştirak etmiş insanların özləri ilə yanaşı, övladları da bu faciənin əzabını çəkirlər:

"Düzdür, çox sayda insan bu faciənin qurbanı kimi öz əzab-əziyyətlərini qabartmayıblar. Ailələrinin yaşadığı faciəni təqdim etməkdən belə çəkiniblər. Amma mən bu birliyin rəhbəri olaraq illərdir həmin insanların hansı problemlərlə qarşılaşdıqlarını yaxşı bilirəm. Bu gün atalarının çəkdikləri əzabları öz çiyinlərində çəkməyə məcbur övladlar var".

Mirhəsən Həsənov deyib ki, tədbirin məhz 24 apreldə keçirilməsi təsadüf deyil:
"Ermənilər bu günü qondarma soyqırımı kimi qeyd edirlər. Biz ermənilərə müraciət edirik, istəyirik ki, ermənilər ayılsınlar. Qondarma soyqırımı ilə bağlı tədbir keçirməkdənsə, dəhşətli faciənin qarşısının alınması ilə bağlı tədbirlər görsünlər".
Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş verən qəza bəşəriyyət tarixinin ən böyük texnogen fəlakəti hesab edilir. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun fəaliyyəti nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Radiasiyanın ətraf mühitə yayılması, təxminən, on gün ərzində davam etmiş, daha sonra radioaktiv məhsullar müxtəlif yollarla yayılmışdı.
Aprelin 24-də "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin üzvləri həmin hadisənin növbəti ildönümü ilə bağlı Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.