Başqırdıstan Azərbaycana aqrar-sənaye kompleksində əməkdaşlıq təklif edir
Respublika hökuməti sədrinin müavini İlşat Fəzrəhmanovun rəhbərlik etdiyi Başqırdıstan nümayəndə heyəti Bakıda işgüzar səfərdədir.
SputnikBAKI, 24 aprel — Sputnik. Başqırdıstan azərbaycanlı fermerlərə su quşlarının yetişdirilməsinə başlamağı təklif edir - bu, həm kiçik şirkətlər, həm də fermerlər üçün yaxşı məhsuldur.
Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya vilayət hökumətinin baş nazirinin müavini - kənd təsərrüfatı naziri İlşat Fəzrəhmanov deyib.
Onun sözlərinə görə, hazırda Başqırdıstan Azərbaycana buğda, arpa və yulaf tədarük edir.
"Biznes missiyası çərçivəsində biz Azərbaycan sahibkarlarına ərazilərimizdə işləməyi təklif edəcəyik. Onlar üçün qarşılıqlı faydalı əməkdaşlıq şəraitində rahat şərait yaradılacaq. İstehsal olunan məhsulların bir hissəsi Azərbaycana ixrac ediləcək, ordan isə Başqırdıstana tərəvəz, meyvə və şirələr tədarük etmək mümkün olacaq. Bu cür qarşılıqlı əlaqə və dostluq bizə irəliləməyə imkan verəcək" - Fəzrəhmanov bildirib.
Onun sözlərinə görə, biznes missiyası çərçivəsində Başqırdıstandan Bakıya 11 şirkəti təmsil edən 20 nəfər gəlib.
Mətbuat konfransı zamanı Fəzrəhmanov qeyd edib ki, Başqırdıstanda iqlim dəyişib və bu, respublikaya daha çox növ yüksək keyfiyyətli məhsul istehsal etmək imkanı verib.
"Əgər Başqırdıstanda əvvəllər yalnız heyvan yemi becərilirdisə, bu gün respublikada kifayət qədər yüksək keyfiyyətli taxıl və yağlı bitkilər istehsal olunur" - o əlavə edib.
Baş nazirin müavininin sözlərinə görə, 2023-cü ildə Başqırdıstandan ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi 1,7 dəfə artıb. Bu dövrdə respublika dünyanın 44 ölkəsinə 327,6 milyon dollar dəyərində 730,4 min ton məhsul göndərib.
"Başqırdıstan investisiya cəlbediciliyi və biznes, o cümlədən kiçik və orta biznes üçün rahatlıq baxımından Rusiya Federasiyasının təsis qurumları arasında aparıcı yerlərdən birini tutur" - Fəzrəhmanov qeyd edib.
Belə ki, bu gün Başqırdıstanda xam süd və onun emal məhsullarının istehsalına diqqət yetirilir.
"Biz 50-120 tona qədər süd istehsal edən 1200-3000 başlıq nəhəng sənaye fermaları tikirik, eyni zamanda, yeni emal müəssisələri tikilir - bu il yumşaq pendirlər istehsalı zavodu istifadəyə veriləcək", – o bildirib.
Bundan başqa, Fəzrəhmanov əlavə edib ki, uşaq qidası istehsalı zavodu tikilir və onun da ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Başqırdıstan hökumətinin strategiyasına əsasən, 2030-cu ilə qədər 1 milyon tona yaxın süd emal edəcək 50 belə zavod tikiləcək.
"Biz yüksək keyfiyyətli süd məhsullarımızın Azərbaycan bazarında olmasını istəyirik" - baş nazirin müavini əlavə edib.
Fəzrəhmanov ticarət əməkdaşlığının digər sahələri arasında Başqırdıstandan Azərbaycana bal, dondurma və şərab-araq məhsullarının tədarükünü qeyd edib.
Azərbaycanda quşçuluq və qaz yetişdirilməsi
Respublika Baş nazirinin müavini - kənd təsərrüfatı naziri bildirib ki, quşçuluq Başqırdıstanda kənd təsərrüfatının da mühüm sahəsidir.
"Biz broyler və hind toyuğu əti istehsalını artırmağı planlaşdırırıq. Başqırdıstanda, həmçinin kənd təsərrüfatı heyvanlarının - iribuynuzlu mal-qaranın, atların və s. genetikası ilə fəal məşğul olurlar. Bu gün laboratoriyalarımızda çətin iqlim şəraitində sağ qalmağı bacaran başqırd arılarının genetikasını öyrənirik" - Fəzrəhmanov bildirib.
"Başqırd quşu" şirkətinin rəhbəri Albert Fərrahovun sözlərinə görə, respublika suda üzən quşların, xüsusən də qazların sayına görə Rusiyada lider mövqe tutur.
"Böyük saya əsaslanan sənaye qaz təsərrüfatı rentabelli olmaya bilər, lakin əgər söhbət şəxsi təsərrüfatlardan və fərdi fermerlərdən gedirsə, onlar daha sərfəli şərtlərlə az sayda qaz yetişdirə bilərlər" - Fərrahov bildirib.
Azərbaycanda su quşlarının yetişdirilməsi üçün ideal şərait - günəş və ot var. Qazlar isə müəyyən müddətdən sonra taxılla deyil, otla qidalanırlar. Ona görə də onların Azərbaycanda becərilməsi sərfəli olardı - bu, kənd yerlərində yaşayan yerli əhali üçün yaxşı köməkdir.
Başqırdıstan Baş nazirinin müavini öz növbəsində qeyd edib ki, respublika Azərbaycana yumurta tədarük etməyə, eləcə də ölkənin iqliminə uyğun yeni su quşları cinslərini yaratmağa hazırdır.
"Biz daha uzun, strateji əhəmiyyətli investisiya layihələri təklif edirik" - o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.