BAKI, 23 aprel — Sputnik. Azərbaycan ilə Ermənistan arasında əldə edilmiş son razılaşmanı təqdir edirik.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşması ilə bağlı bildirib.
"Biz Azərbaycan ilə Ermənistan arasında bağlanmış sazişlərə hörmət edirik. İki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh vasitəsi ilə sərhəd məsələlərini həll etmək üçün səylərinin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması naminə zəruridir".
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub.